Dünyada və Azərbaycanda İnternet Reklamı
İnternetdə olan informasiyanın artımı insanların internetdə keçirdiyi vaxtın çoxalması ilə müşayət olunur. Digər tərəfdən də günümüzdə hər hansı bir şirkətin internetdə səhifəsinin olmaması onun imicində böyük əksiklik kimi qəbul edilir. Bütün bunlar bir çox şirkətləri öz xidmət və məhsullarını veb səhifələrində yerləşdirib digər internet resurslarında reklam etməyə məcbur edir.
Interactive Advertising Bureau (IAB) və PricewaterhouseCoopers (PwC) 30 May 2006 tarixində yayımladığı bəyanata əsasən dünya üzrə internet reklam gəlirləri 2006-cı ilin 1-ci rübündə $3.9 miryard təşkil edərək yeni rekord həddi müəyyən etdi. Keçən ilin müvafiq rübü ilə müqayisədə internet reklam gəlirlərinin $2.8 milyarddan 38% artması müşahidə edilib. İllərlə davam edən bu mütəmadi artış dünyada internet reklamçılığının inkişaf sürətinin aydın göstəricisidir.
1996-cı ildə yaranan İnteraktiv Reklam Bürosu (IAB) özündə 250-dən artıq internetinin müxtəlif sahələrinin nümayandələrini birləşdirir. Bunların arasında AOL, Google, MSN, Yahoo! kimi internet nəhənglərini və DoubleClick, ValueClick, Advertising.com kimi beynəlxalq internet reklam agentliklərinin mövcudlüğü qurumun miqyası haqda təsəvvür yaradır. Qurum mütəmadi olaraq intrnet reklamı sahəsində müxtəlif standartlar yaradır və reklamın effektivliyinin artırılması üçün tövsiyyə xarakterli sənədlər dərc edir.
İnternet Reklamının Üstün İmkanları
Digər reklam vasitələrilə müqayisədə internet reklamının bir sıra üstünlükləri mövcuddur. Onların arasında ən vaciblərinə səthi nəzər yetirək:
Dinamik reklam sahələri. Çap reklam vasitələrindən fərqli olaraq, veb səhifədəki bir reklam sahəsində eyni anda müxtəlif ziyarətçilərə müxtəlif reklam göstərilə bilər. Reklam rotasiyası kimi tanınan bu texnologiya bir reklam sahəsində eyni anda bir neçə reklam kampaniyası keçirmək imkanı yaradır.
Canlı izləmə imkanı. Çap və televiziya kimi ənənəvi reklam vasitələrində reklama neçə nəfərin baxdığı haqda dəqiq məlumat əldə etmək olduqca çətindir. Tam tərsinə olaraq internet reklamını neçə nəfərin gördüyünü və görənlərdən neçəsinin bu reklam vasitəsilə sizin veb səhifənizə keçdiyini canlı izləmək olduqca asandır.
Canlı qiymətləndirmə.Məhz yuxarıda göstərilən canlı izləmə daha effektiv qiymətləndirmə üsulunü – canlı qiymətləndirməni mümkün edir. Canlı qiymətləndirmədən öz növbəsində iki cür istifadə edirlər:
- CPM (Cost per 1000 Impressions) – reklam məhsulunun 1000 dəfə göstərilməsi üçün müəyyən edilən qiymət;
- CPC (Cost per Click) – reklamdan reklamverənin saytına keçən hər bir istifadəçi üçün müəyyən edilən qiymət.
Yuxarıdakı üsulların hər ikisi internet dünyasında geniş yayılıb və reklama sərf edilən vəsaiti minimuma endirmək imkanı yaradır.
Dəqiq hədəf kütləsinin seçilməsi.Bu üstünlüyü kiçik bir misal ilə göstərmək istərdim. Təsəvvür edin ki, siz 18-28 yaşında olan qızlar üçün reklam kampaniyası keçirməlisiniz. Reklamı yerləşdirmək istədiyiniz internet resursu öz növəbsində qeydiyyatdan keçmiş istifadəçiləri haqda ətraflı məlumata malikdir – cinsi, yaşı və s. Beləliklə siz kampaniyanızın dəqiq hədəf kütləsini seçərək vəsaitinizə daha da qənaət etmiş olarsınız.
Azərbaycanda İnternet Reklamçılığı
Digər sahələrdə olduğu kimi internet reklamçılığı sahəsində də Azərbaycanda vəziyyət dünyadakından xeyli fərqlənir. Başlanğıc üçün onu deyim ki, bir neçəsi istisna olmaqla, əksər Azərbaycan internet resursları yuxarıda sadalanan internet reklamının üstünlüklərinin heç birindən istifadə etmir. Bunun əvəzinə onlar statik və ənənəvi – müddət ilə qiymətləndirilən reklam sahələri satırlar.
Standartların mövcud olmaması daha bir ciddi problemdir. Bir çox sayt sahibinin ixtiyari ölçüdə banner sahəsi yaratması, sahələrin ölçulərinin standart olmaması, reklamverən və reklam agentliyi üçün reklam məhsulunun hazırlanmasında problem yaradır.
Bu problemlərin aşkara çıxarılması və aradan qaldırılması yollarını müzakirə etmək üçün Azərbaycan İnternet Forumu (AİF) “Azərbaycanda İnternet Reklamçılığı” mövzusunda dəyirmi masa keçirmişdir. Burada banner ölçülərini standartlaşdırmaq məqsədilə IAB-nin standartlarını əsas kimi götürən AİF “İnteraktiv Reklam Vahidləri” adlı layihənin işçi variantını təqdim etmişdir.
Azərbaycan internetinin bəzi nümayəndələri qazanclarını maksimal həddə çatdırmaq üçün bir səhifədə ifrat sayda banner yerləşdirirlər. Adətən bu cür hallar reklam agentlikləri tərəfindən tənzimlənərək qadağan olunur. Diqqət yetirsəniz görərsiniz ki, dünyada ən məşhur resurslarda belə adətən bir səhifədəki banner sahələrinin sayı 2-3-dən çox olmur və onlar səhifənin yuxarısında yerləşdirilirlər. Bizim reklamverən şirkətlər isə bəzən lokal veb səhifələrin ən aşağı hissəsində, 35 banner sahəsindən ən axırıncısında reklam yerləşdirməyə razı olurlar. Bu cür reklamın effektivli çiddi şübhə doğurur.
Bu problemləri tədricən aradan qaldırmaq üçün hər üç tərəf – reklamverən, reklam agentliyi və reklam yerləşdirən veb sayt standartlara riayət etməlidirlər. Hesab edirəm ki, burada reklam agentliklərinin rolu daha böyük olmalıdır. Belə ki, internet reklamın bütün imkanlarından faydalanmaq üçün agentliyinin müvafiq texniki imkanları olmalıdır.
Son olaraq onu qeyd etmək istərdim ki, internet reklamı yalnız veb səhifələrdə yerləşdirilən bannerlərdən ibarət deyil. İnternet texnologiyalarının sürətli inkişafı, internet radio və IPTV kimi texnologiyalar internet reklamı anlayışını daha da genişləndirir. Azərbaycan üçün hələ gənc olan internet reklamçılığı sahəsi, ölkəmizə elektron kommersiyanın gəlişi ilə yeni vüsət alacağı şübhəsizdir. Bunun üçün isə indidən hazırlaşmaq lazımdır.
“Azərbaycanda İnternet Reklamçılığı” dəyirmi masasında təqdim etdiklərim:
- Təqdimat (Prezentasiya) slaydları
- “İnteraktiv Reklam Vahidləri” işçi sənədi – IRV.pdf
Tədbir ilə əlaqəli mətbuatda yazılar: Ayna, Zerkalo




